DÜNYA
Finlandiya qanunvericiləri daşınmaz əmlaka sahib olmağa məhdudiyyət qoyulması məsələsini nəzərdən keçirirlər
Helsinki, 24 sentyabr, AZƏRTAC
Əcnəbilərin Finlandiyada torpaq və daşınmaz əmlaka sahibolma hüququna məhdudiyyət qoyulması barədə qanunverici təklif bu ölkə parlamentinin gündəliyində yer alıb.
AZƏRTAC xəbər verir ki, hazırda Finlandiyada daşınmaz əmlak alınmasına heç bir məhdudiyyət yoxdur. Əcnəbi vətəndaşların Finlandiyada daşınmaz əmlaka və torpağa sahibolma hüququ vaxtaşırı müzakirə edilib. 2000-ci illərdən başlayaraq, əcnəbi vətəndaşlar bu ölkədə sərbəst olaraq mülk və torpaq ala bilirdilər.
Ötən il əcnəbilər Finlandiyada təxminən 5200 daşınmaz əmlak obyektinə sahib olublar. Lakin əcnəbi alıcılar bütün alınan evləri ümumi götürdükdə, əvvəlki kimi çox cüzi – 4 faiz təşkil edirlər. Avropa İttifaqına üzv ölkələr arasında əsas alıcılar vaxtilə Estoniyada yaşamış əcnəbilərdir.
Bu təklif ölkənin Müdafiə Nazirliyi tərəfindən xüsusən milli təhlükəsizliyin təmin edilməsi məqsədilə hazırlanıb. Parlamentin müdafiə komitəsinin sədri İlkka Kanerva bəyan edib ki, Finlandiyanın strateji əhəmiyyətli rayonları yaxınlığında əcnəbilərin torpaq və mülkə sahibolma hüquqlarına məhdudiyyəti tezləşdirmək niyyətindədir.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Helsinki