CƏMİYYƏT
Firdovsi Əliyev: 228 min hektar meşə ilə örtülü olan ərazidən 54 min hektarı ermənilər tərəfindən tamamilə məhv edilib VİDEO
Bakı, 29 yanvar, AZƏRTAC
İşğaldan azad olunmuş ərazilərin təbiəti, ekologiyası, ətraf mühiti Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq bizi daha çox narahat edirdi. Bütövlükdə həm yeraltı, həm yerüstü nöqteyi-nəzərdən həmin ərazilər həddindən artıq qiymətlidir. 30 illik işğal müddətində daha çox ekologiyamız ziyan çəkib. Bütövlükdə 228 min hektar meşə ilə örtülü olan ərazidən 54 min hektarı ermənilər tərəfindən tamamilə məhv edilib. İlkin rəqəmlər "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətindən alınan peyk görüntüləri vasitəsilə müəyyənləşdirilib. Bu sahədə monitorinqlər davam edir. Rəqəmlər çox da ola bilər.
AZƏRTAC xəbər verir ki, bunu işğaldan azad olunmuş ərazilərdə ekoloji durum, görülmüş və görüləcək işlərlə bağlı mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.
Nazir müavini bildirib ki, işğaldan azad edilən kimi həmin ərazilərin yaşıllaşdırılmasına başlanılıb: "Artıq Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Ağdamda ağacəkmə aksiyaları keçirildi. Həmin ərazilərdə şərq çinarlarının əkilməsinə daha çox üstünlük verdik, həmçinin palıd toxumları səpdik, tut ağacları əkdik. Bildiyimiz kimi ölkə başçısının müvafiq Sərəncamı ilə ölkəmizdə baramaçılığın və ipəkçiliyin inkişafı ilə bağlı Dövlət Proqramı qəbul olunub. Qubadlıda və Zəngilanda tut tingləri əkilib. Bu, o deməkdir ki, bir-iki ildən sonra o ərazilərə köçənlər baramaçılığın inkişafı üçün həmin ağaclardan istifadə edə biləcəklər".