CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı peşə bayramı münasibətilə tədbir keçirib
Bakı, 15 dekabr, AZƏRTAC
FHN işçilərinin Həmkarlar İttifaqı Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 13-cü ildönümü və işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov nazirliyin fəaliyyət göstərdiyi 13 il ərzində fövqəladə halların qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, insanların təhlükəsiz həyat şəraitində yaşamaları üçün görülən işlərdən ətraflı söhbət açıb.
M.İsmayılov Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunan Fövqəladə Hallar Nazirliyinin hər bir Azərbaycan vətəndaşının təhlükəsizliyinin təmin olunması üçün lazımi təcrübəyə və maddi-texniki bazaya sahib olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, nazirliyin əməkdaşları bundan sonra da baş verə biləcək fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində öz peşəkar fəaliyyətlərini uğurla davam etdirəcəklər.
Tədbirin sonunda FHN işçiləri Həmkarlar İttifaqı tərəfindən xidməti fəaliyyətdə fərqlənmiş nazirliyin bir qrup əməkdaşına fəxri fərman və qiymətli hədiyyələr verilib.