ELM VƏ TƏHSİL
Fövqəladə Hallar Nazirliyinin nümayəndələri Bakı Slavyan Universitetində təlim keçiblər
Bakı, 20 aprel, AZƏRTAC
Aprelin 20-də Bakı Slavyan Universitetində (BSU) Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti və Bakı Regional Mərkəzinin əməkdaşları birlikdə “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçiriblər.
BSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin prorektoru, professor Telman Cəfərov hər il Fövqəladə Hallar Nazirliyi tərəfindən tələbələr üçün maarifləndirmə xarakterli tədbirlər keçirildiyini söyləyib. O, bugünkü tədbiri də gənclərin fövqəladə hallar zamanı təhlükəsizlik qaydaları istiqamətində maarifləndirilməsinə yönəlmiş mühüm addım kimi qiymətləndirib. Prorektor BSU-da fövqəladə halların qarşısının alınması üçün hər cür şəraitin yaradıldığını, universitetdə yanğından mühafizə sisteminin olduğunu qeyd edib. Qeyd olunub ki, universitetdə yanğından ilkin mühafizə üçün könüllü dəstə yaradılıb.
Universitet kollektivinin iştirak etdiyi tədbirdə Dövlət Yanğın Nəzarəti Xidmətinin nümayəndəsi Nizami Fərəcov yanğın təhlükəsizliyi barədə geniş məlumat verib. Bildirilib ki, yanğınların təqribən 4-5 faizi təbii fəlakətlər nəticəsində baş verirsə, 95 faizi ehtiyatsızlıq nəticəsində olur. Qaz və elektrik cihazlarından istifadə qaydalarına riayət olunmaması, o cümlədən qaz cihazlarının nəzarətsiz qalması zamanı baş verən fövqəladə hallardan danışan Nizami Fərəcov tüstü bacalarının işlək və təmiz vəziyyətdə olmasının, standartlara uyğun qaz və elektrik cihazlarından istifadənin əhəmiyyətini qeyd edib.
Bakı Regional Mərkəzinin sektor müdiri Anar İbrahimov tədbir iştirakçılarına mobil cihazlar vasitəsilə elektron formada yanğından və digər fövqəladə hallardan mühafizə ilə bağlı mövcud proqramlar barədə məlumat verib.
Tədbirdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları, fövqəladə hallar zamanı baş vermiş hadisələr, bu hallardan çıxış yolu tapmaq üçün lazımi qaydalar haqqında slayd və video nümayiş olunub.
Sonda tədbir iştirakçılarına “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları”, “Qaz cihazlarından istifadə edərkən yanğın, partlayış, zəhərlənmə kimi fövqəladə hadisələrin baş verməməsi üçün təhlükəsizlik qaydalarına əmək edin!” mövzularında yaddaş vərəqələri paylanılıb. Həmçinin “Təhsil müəssisələrinin yanğın təhlükəsizliyi” və “İnzibati binaların yanğın təhlükəsizliyi” mövzularında yaddaş kitabçaları universitet rəhbərliyinə təqdim edilib.