CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyinin və Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə şərti təlim keçirilib VİDEO
Bakı, 13 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin və Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə şərti təlim keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji Mərkəzində keçirilən şərti təlim zamanı şagirdlərin, xidmətin kinoloqlarının və partlayıcı qurğuların axtarışı və zərərsizləşdirilməsi sahəsində fəaliyyət göstərən mütəxəssislərinin iştirakı ilə nəzəri-praktiki dərs keçirilib.
Təlimdə Kinoloji Mərkəzin xüsusi təlim görmüş itlərinin bacarıqları əyani nümayiş olunub. Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji Mərkəzinin nümayəndəsi Elvin Qocayev axtarış zamanı xidməti itlərdən beş istiqamətdə istifadə olunduğunu deyib. Bildirilib ki, bu istiqamətlərə insan, cəsəd, partlayıcı, təhlükəli maddələr və mina daxildir.
Tədbirlə bağlı jurnalistlərə müsahibə verən FHN-in Xüsusi Riskli xilasetmə Xidmətinin kinoloji taborunun rəisi Aslan Orucov qeyd edib ki, nazirlik hər zaman yeniyetmə və gənclərin maarifləndirilməsinə böyük önəm verib. Nazirlik hazırda 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri üçün təlimlər keçir. Dərsin keçirilməsində məqsəd şagirdlərin bu sahədə bilik və bacarıqlarının artırılması, fövqəladə hallar (hadisələr) zamanı davranış qaydaları, FHN-in 112 - qaynar telefon xəttinin fəaliyyəti barədə uşaqların məlumatlandırılması, eyni zamanda, insanların uçqun və dağıntılar altından xilas edilməsi məşğələlərinin təşkili olub.
Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin müdiri Əminə Musayeva isə belə tədbirlərin gənclərin maarifləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.