CƏMİYYƏT
“Fövqəladə hadisə uşaqların gözü ilə” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı, 29 sentyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin həmkarlar ittifaqının, Nərimanov Rayon İcra Hakimiyyətinin, Nərimanov rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında keçirilən “Fövqəladə hadisə uşaqların gözü ilə” mövzusunda inşa və rəsm müsabiqəsinin qalibləri sentyabrın 29-da mükafatlandırılıblar.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, Nərimanov rayon gənclər və idman idarəsinin rəisi Nəcəf Novruzov tədbirdə çıxış edərək şagirdlərə təbriklərini çatdırıb, məktəblilərin istedadlarının aşkarlanması baxımından müsabiqənin əhəmiyyətini vurğulayıb.
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev bildirib ki, məqsəd uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, ictimaiyyətin diqqətinin fövqəladə hal probleminə cəlb edilməsi, yetişməkdə olan nəslin vətənpərvər ruhda tərbiyəsi, istedadlı uşaqların üzə çıxarılmasıdır.
FHN işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov çıxışında fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, məişətdə qaz cihazlarından istifadə zamanı və ətrafa zəhərli maddələr dağıldıqda təhlükəsizliyin təmin edilməsi və digər fövqəladə halların aradan qaldırılması məsələləri ilə bağlı məlumat verib. M.İsmayılov FHN-in yaradılması zərurətindən danışaraq, nazirliyin qısa zamanda ən müasir tələblərə cavab verən maddi-texniki bazasının formalaşdığını qeyd edib. O, regionda və qonşu ölkələrdə, o cümlədən Türkiyə, Gürcüstan, İsrail və Pakistanda baş verən fövqəladə halların aradan qaldırılmasında FHN-in gördüyü işlər haqqında geniş məlumat verib.
Sonda müsabiqənin qaliblərinə diplom, medal və hədiyyələr təqdim olunub.