İDMAN
Fransanın həndbolçu qızları “EYOF Bakı 2019”un çempionu olublar
Bakı, 27 iyul, AZƏRTAC
İyulun 27-də XV Avropa Gənclər Olimpiya Festivalında həndbol üzrə qızların yarışı başa çatıb.
AZƏRTAC xəbər verir ki, yarışın finalında Hollandiya və Fransa yığma komandaları qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə 23:21 hesabı ilə qələbə qazanan Fransa millisi festivalın çempionu olub.
Yarışda 5-6-cı yerlər uğrunda görüşdə isə Rumıniya yığması İspaniyaya qalib gəlib – 29:20.
Xatırladaq ki, qızların yarışında üçüncü yer uğrunda görüşdə İsveçrə millisi üzərində 30:20 hesabı ilə qələbə qazanan Macarıstan həndbolçuları festivalın bürünc medallarına sahib olublar. Qızların yarışında 7-8-ci yerlər uğrunda görüşdə meydana çıxan Azərbaycan həndbolçuları çexiyalı rəqiblərinə uduzublar – 13:42.
Bununla da festivalda həndbolçu qızların yarışı başa çatıb. Yarışda ilk üç pillədə Fransa, Hollandiya və Macarıstan seçmələri qərarlaşıblar.