CƏMİYYƏT
Fransız vəkil Şuşada VİDEO
Bakı, 7 dekabr, AZƏRTAC
Azərbaycana səfər edən fransız vəkil Alan Tremolye ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərini ziyarət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, səfərin təşkilində məqsəd qonağa Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə malik olduğunu, 44 günlük Vətən müharibəsi dövründə işğaldan azad edilmiş Şuşada erməni vəhşiliyinin izlərini və postmüharibə dövründə dövlətimizin qədim şəhərdə həyata keçirdiyi irimiqyaslı abadlıq-quruculuq işlərini nümayiş etdirmək olub.
A.Tremolye Şuşa şəhərində öz təəssüratlarını bölüşərək bildirib ki, mədəniyyət paytaxtını gördüyü üçün bütün təşkilatçılara minnətdardır.
“Mənim üçün Şuşa hər şeydən əvvəl tarixi və mədəni şəhərdir. Şuşa və onun hekayəsini beləcə tanıdım. Burada daşlar və ağaclar bir ağızdan danışır. Onlar çəkdikləri əzablardan, onlarla necə rəftar edildiyindən, baş verən böyük bədbəxtliklərdən, böyük haqsızlıqlardan söz açırlar. Məni müşayiət edən insanlara və bu səfəri mümkün edən hər kəsə təşəkkür edirəm”, - deyən fransız qonaq diqqəti Cənubi Qafqaz bölgəsində sülhün bərqərar olmasının önəminə cəlb edib.