SİYASƏT
Fransız xalqının maraqları bir qrup erməninin girovuna çevrilməməlidir
Bakı, 17 noyabr, AZƏRTAC
Paris meriyasının artıq mövcud olmayan hansısa Dağlıq Qarabağ adlı nəyisə tanımaq həvəsinə düşməsi gecikmiş və puc olmuş siyasi romantizmdən başqa bir şey deyil. Görünür, kimlərəsə yeni avtoritar populizm lazımdır və konkret olaraq Fransa paytaxtının meri Ann İdalqo bununla məşğuldur. Əslində, onu bu cür qeyri-qanuni addımlara təşviq edən də erməni lobbisi və Fransada olan ermənipərəstlərdir. Biz bilirik ki, Paris Şurası 163 nəfərdən ibarətdir. Şura şəhər merini və onun 40 müavinini seçir. Hazırda isə Fransa prezidenti Emmanuel Makronun yaratdığı və rəhbərlik etdiyi “İrəli” partiyası Şurada geniş şəkildə təmsil olunur. Ona görə də belə düşünməyə əsasımız var ki, bu məsələ, sadəcə, Paris meriyasının deyil, həm də sentyabrın 27-dən başlayaraq Azərbaycanın beynəlxalq hüquqa söykənən haqq işinə qarşı təxribatçı fikirlər səsləndirən bəzi fransız rəsmilərin də təşəbbüsüdür.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
H.Babaoğlu qeyd edib ki, mer Ann İdalqonun Fransa erməniləri ilə sıx əlaqələri var. Hətta onun müavinlərindən biri erməni əsilli Anuş Toronyandır. Anuş Toronyan isə Fransa ermənilərinin təşkilatı olan CCAF-ın rəhbəri Ara Toronyanın qızıdır. Bu fakt özlüyündə Paris meriyasının atmaq istədiyi qeyri-qanuni addımın kökündə nələrin dayandığını yaxşı izah edir. Ancaq bu da məsələnin hamısı deyil.
Deputat diqqətə çatdırıb ki, hələ 2015-2018-ci illərdə Parisin meri Anna İdalqo Ermənistan prezidenti Serj Sarkisyanla 4 dəfə görüşüb. Ann İdalqo Ermənistanda yaradılmış TUMO (Center for Creative Technologies) mərkəzinin Paris bölməsinin açılışında iştirak edib və hərtərəfli dəstək göstərib. TUMO-nun Xankəndidə də ofisi olub. Bütün bunlar erməni lobbisinin davamlı səyləri nəticəsində baş tutub.
Hikmət Babaoğlunun sözlərinə görə, Paris meriyası hazırda belə spekulyativ hərəkətlər edir. Ancaq Paris kimi böyük bir şəhərin meriyasının, yaxud fransız xalqının maraqları bir qrup erməninin girovuna çevrilə bilməz və çevrilməməlidir. Bu təşəbbüsə dəstək verənlər sonda ya peşman olmağa, ya da geriyə addım atmağa məhkumdurlar.