REGİONLAR
Füsunkar təbiətə malik İsmayıllıdan REPORTAJ VİDEO
İsmayıllı, 31 iyul, Rəşad Türkoğlu, AZƏRTAC
İsmayıllı təbii şəraitinin zənginliyi, qədim tarixi ilə dünyanın dörd bir yanından turistləri cəlb edir. Həmçinin regionların inkişafı ilə bağlı həyata keçirilən Dövlət proqramları çərçivəsində görülən işlər rayonu turizm məkanına çevirib.
İş həftəsinin yorğunluğundan azad olub dincəlmək, xoş əyləncəli anlar yaşamaq istəyənlər həftəsonu daha çox İsmayıllının gəzməli görməli yerlərinə üz tuturlar.
AZƏRTAC xəbər verir ki, rayonun ekzotik təbiəti ilə təmasda olmaq, möcüzəli Azərbaycan mətbəxinin təamlarından dadmaq və mənalı istirahət etmək üçün bu il İsmayıllıya xeyli sayda əcnəbi və yerli qonaq gəlib.
Rayonun uca dağları, sıx meşələri, təmiz havası, çayları, gölləri, şəlalələri, mənzərəli yerləri milli, türk və Avropa yeməklərinin daxil olduğu restoran xidmətləri və müasir otelçilik, tarixi abidələrə səyahət xidmətləri gələn qonaqların ürəyincə olub.
Rayonda yerli və xarici turistlərin istirahəti üçün 30-dan çox turizm obyekti var. Ötən ildən fərqli olaraq, bu il rayona gələn yerli turistlərin sayında artım qeydə alınıb. Qonaqları kənd evlərinə cəlb etmək üçün yerli sakinlər həyətlərdə xüsusi şərait yaradıblar. Rayona gələn xarici və yerli turistlər üçün bələdçilər, tərcüməçilər və sürücülər təşkil olunur.
Rayona üz tutan qonaqlar daha çox Lahıc və Basqal tarix-mədəniyyət qoruqlarına səfər edirlər.
Xatırladaq ki, Lahıc qəsəbəsində 108, Basqal qəsəbəsində isə 23 tarixi abidə mühafizə olunur. Bütövlükdə rayon üzrə 233 tarixi və mədəniyyət abidəsi qorunub saxlanılır. Rayonun təbiəti, heyvanat aləmi çox zəngindir. Ərazisinin xeyli hissəsi dağlıq zonada yerləşir. Ərazidən Girdiman, Ax-ox və Göyçay çayları axır. Qalacıq, Çayqovuşan, Brovdal, Müdrüsə kəndlərinin yaxınlığında füsunkar şəlalələr, dağlıq ərazidə təbii göllər, Kürdmaşı və Aşıqbayram kəndləri yaxınlığında irihəcmli sututarları mövcuddur. Turcan kəndində “Bədo” adlanan sahədə, Diyallı, Namazgah, İstisu kəndlərinin yaxınlığında çoxsaylı müalicəvi əhəmiyyətli sular mövcuddur. Son illərdə İsmayıllı şəhərində, Qaraqaya, Sumağallı kəndlərinin yaxınlığında, Mican kəndi ərazisində və digər yerlərdə çoxsaylı istirahət mərkəzləri və kompleksləri tikilib istifadəyə verilib, yeni turizm marşrutları müəyyənləşdirilib.
Azərbaycanda turizmin planlı şəkildə inkişafı özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafına, yeni iş yerlərinin açılmasına və əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə müsbət təsirini göstərməkdədir.