İDMAN
Futtennis üzrə Azərbaycan Super Liqasının qalibi müəyyənləşib
Bakı, 12 fevral, AZƏRTAC
Azərbaycan Futnet Federasiyasının (AFNF) təşkil etdiyi futtennis üzrə Azərbaycan Super Liqasının 2019-cu il mövsümünün qalibi müəyyənləşib.
Federasiyadan AZƏRTAC-a bildiriblər ki, “Marafon" İdman Klubunun zalında keçirilən çempionatda 12 komanda birincilik uğrunda mübarizə aparıb. Yarışın ilk günündə qrup oyunları, növbəti gündə isə ¼, yarımfinal və final qarşılaşmaları keçirilib.
Çempionatın yekun nəticələrinə əsasən, “ASTA” komandası bütün rəqiblərinə qalib gələrək birinci olub. “LEON” komandası yarışı ikinci, “EGE Hospital” isə üçüncü pillədə başa vurublar.
Gərgin idman mübarizəsi şəraitində keçən ölkə çempionatının qalibi “ASTA” komandasında peşəkar futboldan yaxşı tanıdığımız Saşa Yunisoğlu da çıxış edib. Üçüncü yerin sahibi olan “EGE Hospital” komandasının heyətində isə təcrübəli futbolçu Emin İmaməliyev gözəl oyunu ilə yadda qalıb. Yarışda Əfqan Talıbov, Nadir Qasımov kimi veteran futbolçular da iştirak ediblər.
Sonda Azərbaycan Futnet Federasiyasının rəhbərliyi qaliblərə medallar, kubok və pul mükafatları təqdim edib.