REGİONLAR
Füzuli rayonunda “Qadına şiddət” mövzusunda təlim keçirilib
Füzuli, 14 fevral, AZƏRTAC
“Social art” layihəsi çərcivəsində Füzuli rayonunda “Qadına şiddət” mövzusunda təlim keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qadınların iştirakilə keçirilən təlimdə psixoloq tərəfindən erkən nikah, uşaq, əmək və psixoloji zoraklığa qarşı qadın hüquqları ilə bağlı maarifləndirici söhbətlər aparılıb, qrim ustasının rəhbərliyi ilə “body art” dərsləri keçirilib, insan üzündə zorakılıq əlamətləri, göyərmə, yanıq, qan effektlərinin təsvirlərinin necə çəkilməsi ilə bağlı praktiki və nəzəri məlumatlar verilib. Sonra qrim olunan qadınların fotoları çəkilib və həmin şəkillər Gəncədə keçiriləcək sərgidə nümayiş ediləcək.
Lahiyə koordinatoru Elnur Şabanzadə bildirib ki, respublikamızın müəyyən bölgələrində qadın hüquqları ilə bağlı problemlər hələ də qalmaqdadır. Layihənin məqsədi isə məişət zorakılığı, gender bərabərsizliyi, qadınların ictimai-siyasi sferalarda az yer tutması kimi problemləri nəzərə alaraq, xüsusilə qadınların hüquqlarının müdafiəsi istiqamətində intensiv işlər görməkdir. Eyni zamanda, həvəsi olan gənc və yeniyetmə qadınlara qrim sənətini nəzəri və praktiki cəhətdən öyrənməsini təşkil edərək, yeni peşə təhsilinə maraq artırmaqdan ibarətdir.