REGİONLAR
Füzulidə Neolit dövrünə aid yaşayış məskəni aşkar edilib VİDEO
Füzuli, 29 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
Füzuli rayonunun Horadiz kəndi ərazisində Neolit dövrünə aid yaşayış məskəni aşkarlanıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ neolit-eneolit ekspedisiyasının rəisi, tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Lələtəpə neolit dövrü yaşayış yeri 2019-cu ildə aparılan arxeoloji kəşfiyyat işləri zamanı aşkar olunub. Bu ilin yayında yaşayış yerində arxeoloji qazıntılara başlanılıb. Hər biri 16 kvadratmetr olan dörd sahədə aparılan qazıntı zamanı bizim eradan əvvəl VI minilliyə aid oval, dairəvi quruluşda çiy kərpicdən 3 tikinti qalığı və həyətin divarının bir hissəsi aşkar edilib. Mərkəzi hissədə platforma yerləşir. Ondan cənubda diametri 3,3 metr, hündürlüyü 1,5-2 metr arasında dəyişən dairəvi bina yaşayış üçün istifadə olunub. Döşəmə oxra ilə rənglənib. Burada dörd ədəd təsərrüfat küpü, daşdan və sümükdən müxtəlif təyinatlı alətlər, ocaq qalıqları, bükülmüş halda olan uşaq skeleti də tapılıb. Abidənin ən maraqlı cəhəti onun məzarlığı ilə bağlıdır. Belə ki, neolit dövrü yaşayış yerində məzarlığa ilk dəfədir rast gəlinir. İkinci qazıntı sahəsinin qərb divarına yaxın hissədə 8 kvadratmetr sahədə 10-a qədər skelet və muncuqlar, sümükdən alətlər aşkarlanıb. Skeletlər bükülü halda, oval qəbir çalalardadır.
Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Əjdər Babazadə bildirib ki, abidə artfaktlarla, memarlıq və məzarlıq fenomeni ilə zəngindir. Yaşayış yerində uşaqlar evlərin içində, böyüklər isə kənarda dəfn edilib. Burada insanlar həm tək, həm də qoşa - bir-birinin üstündə, uşaq və ana bir yerdə olmaqla dəfn olunub. Uşaq skeletlərinin yanında muncuqlar var. Qəbir çalaları suvanıb və oxra ilə rənglənib.
Neolit dövründə Qafqaz və Anadolu arasında baş vermiş etnik mədəni münasibətlərin öyrənilməsi üçün Lələtəpə neolit dövrü yaşayış yerində aşkar edilmiş skeletlər Ankaranın Hacettepe Universitetinin əməkdaşları ilə birlikdə tədqiq ediləcək, Türkiyədə skeletlərin DNA analizi aparılacaq.