SİYASƏT
GƏNCƏLİLƏR REFERENDUMDA FƏAL İŞTİRAK EDƏCƏKLƏR
Gəncə ictimaiyyəti nümayəndələrinin yığıncağında Azərbaycan Konstitusiyasına təklif edilən dəyişikliklərlə bağlı avqustun 24-də keçiriləcək referendumun əhəmiyyətindən ətraflı söhbət açılmışdır. Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Zəhra Quliyeva, Konstitusiya Məhkəməsinin baş məsləhətçisi Səlahəddin Əliyev, politoloq Hüseyn Budaqov, Prezidentin İcra Aparatının məsul işçisi Anaxanım Qurbanova və başqaları çıxış edərək, referendum aktı layihəsində nəzərdə tutulan dəyişikliklər və əlavələrlə bağlı açıqlamalar vermiş, bunları hüquqi, demokratik dövlət quruculuğu yolu ilə gedən Azərbaycanın Əsas Qanununun daha da təklmilləşdirilməsinə töhfə kimi dəyərləndirmişlər. Yığıncaq iştirakçıları ümidvar olduqlarını bildirmişlər ki, gəncəlilər bu dəfə də fəallıq nümayiş etdirəcək, referendumun mütəşəkkil keçməsi üçün əllərindən gələni əsirgəməyəcəklər.