SİYASƏT


GUAM ölkələrinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində infrastruktur layihələrində iştirakı müzakirə edilib

Kiyev, 1 dekabr, AZƏRTAC

Kiyevdə GUAM-ın Milli Əlaqələndiricilər Şurasının videokonfrans formatında keçirilən 54-cü iclasında quruma üzv ölkələr arasında iqtisadi əlaqələrin gücləndirilməsi, Azərbaycanın işğaldan azad olunan ərazilərində yeni layihələrin icrası məsələləri müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, iclası giriş sözü ilə açan GUAM-ın baş katibi Altay Əfəndiyev qurum çərçivəsində siyasi, iqtisadi əməkdaşlığın perspektivləri, beynəlxalq təşkilatlarda birgə fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Videokonfransda iştirak edən Azərbaycan Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib ki, bu il Azərbaycanın quruma sədrliyi dövründə əsasən infrastruktur, nəqliyyat, enerji layihələrinin həyata keçirilməsi istiqamətində layihələrin yekun variantları müzakirə edilib. Pandemiya dövründə GUAM daha səmərəli fəaliyyətə nail olmasa da, bir sıra vacib məsələlər müzakirə edilib.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yeni böyük infrastruktur layihələrin həyata keçiriləcəyini vurğulayan M.Məmmədquliyev bildirib ki, GUAM ölkələri də bu layihələrə öz töhfəsini verə bilər.

“Azərbaycan öz ədalətli haqqını bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi regionun inkişafına ciddi problemlər yaradırdı. Artıq problem həllini tapıb, işğaldan azad olunmuş ərazilərdə yeni quruculuq işlərinə başlanılır. Prezident İlham Əliyev həmin ərazilərin yenidən qurulması üçün dövlət proqramının hazırlanması tapşırığını verib. Bir sıra regional yol, infrastruktur layihələr həyata keçiriləcək”, - deyə M.Məmmədquliyev əlavə edib.

İclasda çıxış edən Ukrayna, Gürcüstan və Moldova Xarici işlər nazirlərinin müavinləri atəşkəsin əldə olunmasını, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini yüksək qiymətləndirdiklərini bəyan ediblər.

Videokonfransda, həmçinin vurğulanıb ki, quruma üzv ölkələr beynəlxalq təşkilatlarda koordinasiyalı işi daha da təkmilləşdirməli, infrastruktur, enerji layihələrinin həyata keçirilməsini intensivləşdirməlidirlər.

Qeyd edək ki, 2021-ci ilin yanvarında GUAM-a sədrlik Azərbaycandan Gürcüstana keçəcək. Dekabr ayında GUAM-a üzv ölkələrin Xarici İşlər nazirləri, Baş nazirləri səviyyəsində iclasların keçirilməsi də nəzərdə tutulur.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.