CƏMİYYƏT
“Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində universitet rəhbərləri ilə görüşlər təşkil olunub
Bakı, 25 yanvar. AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin həyata keçirdiyi “Gələcək üçün bacarıqlar” layihəsinə qoşulmuş universitetlərdə hesabat təqdimatı və növbəti addımlarla əlaqədar görüşlər keçirilib.
Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən görüşlərdə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov ölkəmizdə innovasiya ekosisteminin mövcud vəziyyəti, müxtəlif komponentlər arasında inteqrasiya və universitetlərin proseslərdəki vacib rolu ilə bağlı məlumat verib.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşlərdə layihənin komponentləri, gedişatı və növbəti mərhələləri, həmçinin martın 1-dən başlanılacaq “İnkubasiya proqramı”na hazırlıq işləri diqqətə çatdırılıb.
İnkubasiya proqramı çərçivəsində biznes inkubatorlarının fəaliyyəti, tədqiqat-inkişaf proqramlarının (R&D) təşkili, resurs mənbələrinin təmin edilməsi məsələləri müzakirə edilib. Eyni zamanda, startap mühiti formalaşdırmaqla tələbələrin yetişdirilməsi sahəsində görüləcək işlər, universitetlərin dövlət və özəl qurumlarla əlaqələrinin qurulması istiqamətində fikir mübadilələri aparılıb.
Universitet rəhbərləri tərəfindən layihəyə böyük ümidlər və dəstək ifadə olunub, təmsil etdikləri təhsil müəssisələrində bu sahədə görülən işlər diqqətə çatdırılıb.
“Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstəyin göstərilməsi, onların ölkənin texnoloji inkişafında əhəmiyyətli rol oynayan kəşf və ixtira sahəsinə yönləndirilməsidir.
2022-ci ildə layihənin fəaliyyət dairəsinin daha da genişləndirilməsi, növbəti komponent olan inkubasiya proqramının həyata keçirilməsi və yeni universitetlərlə əməkdaşlıqların qurulması nəzərdə tutulur.