İQTİSADİYYAT
Gələn il məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin proqnozu 88,1 milyon manatdır
Bakı, 23 noyabr, AZƏRTAC
2018-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin proqnozu 88,1 milyon manatdır. Bu da cari ilin büdcəsi üzrə proqnoza nisbətən 15,6 faiz və ya 16,3 milyon manat azdır.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə büdcə zərfinə daxil olan layihələrin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib.
İdris İsayev qeyd edib ki, bu azalma “İşsizlikdən sığorta haqqında” qanununun qüvvəyə minməsi ilə əlaqədar 2018-ci ildən etibarən işsizliyə görə müavinət xərclərinin Dövlət Sosial Müdafiə Fondunun büdcəsi üzrə sosial sığorta haqları hesabına maliyyələşən xərclərin tərkibindən çıxarılaraq işsizlikdən sığorta fondunun büdcəsinə keçirilməsi ilə bağlıdır. 2018-ci ildə digər xərclər 83,7 milyon manat məbləğində nəzərdə tutulur. Bu da 2017-ci ilin proqnozuna nisbətən 2,3 faiz və ya 1,9 milyon manat çoxdur. Bu sahədə xərc artımı tətbiq olunan proqram təminatlarının yenilənməsi, bu məqsədlə zəruri avadanlıqların alınması üçün fondun aparatının saxlanması üzrə nəzərdə tutulan 1,5 milyon manatlıq artım, eləcə də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə həyata keçirilən xərclərdə proqnozlaşdırılan 0,9 milyon manatlıq artım və pensiya və müavinətlərin əhaliyə çatdırılması üzrə bank xərclərində proqnozlaşdırılan 0,5 milyon manat məbləğində azalma ilə bağlıdır.