CƏMİYYƏT
Gəmiçilər ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
Bakı, 19 oktyabr, AZƏRTAC
160 illik yubileyini qeyd etməyə hazırlaşan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin kollektivi və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin əməkdaşları oktyabrın 19-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn dəniz nəqliyyatı işçiləri ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının, o cümlədən dənizçilərin xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.