İQTİSADİYYAT
Gəmiçilik sahəsində Azərbaycan-Rusiya əlaqələrinin perspektivləri müzakirə edilib
Bakı, 26 oktyabr, AZƏRTAC
Gəmiçilik sahəsində Azərbaycan-Rusiya əlaqələrinin perspektivləri müzakirə edilib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 26-da “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbər heyəti ilə Rusiya Federasiyasının Birləşmiş Gəmiqayırma Korporasiyasının (BGK) nümayəndələri arasında işgüzar görüş keçirilib.
Görüşdə qonaqlar təmsil etdikləri şirkət haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, korporasiyanın nəzdində fəaliyyət göstərən və Rusiyanın ən qədim gəmiqayırma müəssisələrindən olan “Krasnoye Sormovo” zavodunun əsası 1849-cu ildə qoyulub və bu müddət ərzində dünyada analoqu olmayan gəmilər tikməklə, Rusiyanın hüdudlarından kənarda belə şöhrət qazana bilib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev və “Krasnoye Sormovo” zavodunun da daxil olduğu BGK-nın marketinq və satış departamentinin direktoru Dmitri Pryaxin əməkdaşlıq haqqında fikir mübadiləsi aparıb, ikitərəfli əlaqələrin perspektivlərini müzakirə ediblər.
Görüşdə “Krasnoye Sormovo” zavodunda reallaşdırılan son layihələrin təqdimatı da olub. Rusiya çaylarında kruiz sahəsində istismar ediləcək yeni sərnişin gəmisi haqqında ətraflı məlumat verilib.
BGK-nın nümayəndələri Xəzərdə istismar ediləcək sərnişin gəmiləri haqqında da danışıblar. Gəmiçiliyin sədri bildirib ki, hazırda Azərbaycan da bu sahədə məsələni hərtərəfli araşdırır.
Qeyd edək ki, Rusiyanın “Krasnoye Sormovo” zavodu ilə Azərbaycanın dərin tarixi əlaqələri mövcuddur. Belə ki, 1971-ci ildən Azərbaycan gəmiçiliyi üçün zavodda maye və quru yüklər daşıyan 17 gəmi inşa edilib.
Məlumat üçün bildirilir ki, “Krasnoye Sormovo” zavodunda Rusiya Federasiyasının Hərbi Dəniz Qüvvələri üçün 300-ə yaxın sualtı, o cümlədən 26 atom gəmisi tikilib.