İQTİSADİYYAT
Gəmiçilikdə aparılan audit uğurla yekunlaşıb
Bakı, 21 noyabr, AZƏRTAC
Gəmiçilikdə “Amerika Gəmiçilik Bürosu” tərəfindən “Təhlükəsizliyin Keyfiyyətli İdarəedilməsi Sistemi”nin (TKİS) beynəlxalq idarəetmə standartlarına uyğunluğu üzrə keçirilmiş növbəti xarici audit uğurla başa çatıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, audit zamanı məlum olub ki, gəmiçilikdə tətbiq edilib işləyən TKİS-in hazırkı səviyyəsi İSO 9001 (Keyfiyyət Menecmenti), İSO 14001 (Ekoloji Menecment), İSO 50001 (Enerji Səmərəliyi Menecmenti) və OHSAS 18001 (Peşə Təhlükəsizliyi və Əməyin Mühafizəsi Menecmenti) üzrə beynəlxalq idarəetmə standartlarının uyğunluğuna dair 2015-ci ildə alınmış sertifikata müvafiqdir. Nəticələrə əsasən “ABS” bürosunun gəmiçiliyə təqdim etdiyi sözügedən beynəlxalq sertifikatın uyğunluğu növbəti bir il üçün məqbul sayılıb.
Xarici audit ilk gün bilavasitə auditorun təsadüfi seçdiyi gəmidə, növbəti günlərdə isə QSC-nin aparatının aidiyyəti departamentlərində həyata keçirilib. Audit zamanı cəmiyyətin aparatında və gəmilərdə işin təşkili və sənədləşmənin TKİS-ə və beynəlxalq idarəetmə standartlarının tələblərinə uyğunluq səviyyəsinə baxış keçirilib, müşahidələr müvafiq xidmətlərlə araşdırılaraq təhlil edilib. Yekunda auditin müsbət nəticələnməsi barədə xarici auditor tərəfindən AXDG rəhbərliyi məlumatlandırılıb.