REGİONLAR
Gəncə sakinindən narkotik və silah aşkarlanıb
Gəncə, 17 may, Rauf Hacıyev, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, mayın 15-də Gəncə ŞBPİ-nin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, şəhər sakini 45 yaşlı Mehman İbrahimov saxlanılaraq Baş Polis İdarəsinə gətirilib.
Onun üzərinə baxış keçirilən zaman 286 həb və ümumi çəkisi 178,5 qram narkotik vasitə hesab edilən “Metodan” və bir ədəd soyuq silaha bənzər turist bıçağı olması müəyyən edilib. Davam edən tədbirlərlə onun yaşadığı evin həyətindəki meyvə ağacının dibinə basdırılmış ümumi çəkisi 140 qram çəkidə heroin, digər ağacın dibində isə basdırılmış 1 ədəd “Makarov” tipli tapança və ona məxsus patron darağı, 2 ədəd patron, yataq otağından isə 12 qram “metafetamin”ə oxşar psixotrop maddə aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.