REGİONLAR
Gəncə şəhəri gələn ilin sonunadək fasiləsiz içməli su ilə təmin ediləcək
Gəncə, 10 may, Rauf Hacıyev, AZƏRTAC
Gələn ilin sonunadək Gəncə şəhərinin bütün məhəllə və qəsəbələri fasiləsiz olaraq içməli Göygöl suyu ilə təmin ediləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Dövlət Peşə Təhsil Mərkəzinin birinci tədris korpusunun və şagird yataqxanasının açılışında şəhər ictimaiyyəti qarşısında çıxış edərkən məlumat verib.
Bildirilib ki, hazırda Prezident İlham Əliyevin tapşırığına əsasən Gəncənin müasir tarixində ən böyük sosial layihə olan içməli su xəttinin və kanalizasiya sisteminin yenidən qurulması həyata keçirilir.
Yeni layihə 4 hissədən ibarətdir. Birinci mərhələdə Göygöldən Gəncə şəhərinə qədər içməli su xətti çəkilib və yeni su anbarı tikilib. İkinci mərhələdə Şəmkir su anbarından Gəncə şəhərinədək 1500 diametrli boru ilə içməli su xətti çəkilib və yeni su anbarının tikintisi həyata keçirilib. Layihənin üçüncü mərhələsində Gəncə şəhərinin Gülüstan qəsəbəsində həyata keçirilən su-kanalizasiya sisteminin layihələndirilməsi və tikintisi yekunlaşdırıdlmalıdır. Həmçinin layihənin bu mərhələsində şəhərin mərkəzi hissəsində su və kanalizasiya xətləri çəkilmiş 30-dan çox küçənin asfaltlanması da nəzərdə tutulub. Nəhayət, layihənin dördüncü mərhələsində Gəncə şəhərinin mərkəzi küçəsi də daxil olmaqla, bütün küçələrdə su-kanalizasiya sisteminin yenilənməsi layihəsi başa çatacaq, şəhərin qazılmış küçələrində asfaltlanma və abadlıq işləri həyata keçiriləcək.
Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev qeyd edib ki, layihə gələn ilin sonunadək tam başa çatacaq. Yeni layihənin tamamlanması ilə Gəncə şəhərindəki 1300-dən çox küçənin su və kanalizasiya sistemi yenidən qurulacaq, şəhər əhalisi isə fasiləsiz olaraq ekoloji cəhətdən saf Göygöl suyu ilə təmin ediləcək.