CƏMİYYƏT
Gəncə şəhərində kanalizasiya quyusunun qapaqlarını oğurlayan şəxslər tutulub
Bakı, 25 noyabr, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinə yağış sularının axıdılması üçün nəzərdə tutulan kanalizasiya quyusunun qapaqlarının oğurlanması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildirilib ki, cinayəti törətməkdə şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş Vüsal Cəfərov və Pərviz Quliyev rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarışları nəticəsində saxlanılıblar. Onlar ifadələrində həmin qapaqları oğurlayaraq metal qəbulu məntəqələrinə satdıqlarını etiraf ediblər.
Bundan başqa, yüksək mərtəbəli binanın damından ümumi dəyəri 1244 manat olan mətbəx əşyalarını oğurlamaqda şübhəli bilinən Ruzigar Abdullayev Nizami Rayon Polis İdarəsinin ərazi üzrə polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Dindirilmə zamanı saxlanılan şəxs oğurladığı əşyaları taksi sifariş edərək apardığını, daha sonra isə həmin əşyaların bir qismini satdığını etiraf edib.
Faktlarla bağlı şəhər baş polis idarəsində araşdırmalar davam etdirilir.