ELM VƏ TƏHSİL
Gəncədə “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir təşkil olunub
Bakı, 7 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 2017-ci il 11 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı”na əsasən Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Gəncə şəhərində “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
Tədbirə Gəncə şəhərində yerləşən ali təhsil müəssisələrində təhsil alan tələbələr, həmçinin mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrinin rəhbərləri və əməkdaşları qatılıblar.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dövlət qulluğu sahəsində dövlət siyasətinin artıq Mərkəz tərəfindən həyata keçirildiyini qeyd edib. Bildirilib ki, Mərkəzin üzərinə düşən əsas fəaliyyətlərdən biri də dövlət idarəçiliyi sistemini inkişaf etdirmək, dövlət qulluğuna qəbulu mərkəzləşdirilmiş qaydada, müsabiqə və şəffaflıq əsasında aparmaqdan ibarətdir. Dövlət qulluqçularının sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məsələsinin daim dövlət rəhbərliyinin diqqətində olduğunu vurğulayan sədr qeyd edib ki, dövlət orqanlarında çalışanların əməkhaqqı sistemi rəqabət qabiliyyətlidir və bununla yanaşı, dövlət qulluqçularının mənzil şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən onlara güzəştli ipoteka əldə etmək hüququ verilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlət idarəçiliyi istiqamətində həyata keçirilən islahatlar nəticəsində dövlət qulluğuna qəbulda Azərbaycan modelinin yaradıldığını qeyd edən DİM-in sədr müavini Bəhram Xəlilov modelin artıq beynəlxalq səviyyədə tanındığını, Avropa və Asiya məkanında çox böyük maraqla qarşılandığını və bir sıra ölkələrin dövlət qulluğu siyasətini həyata keçirən qurumların dövlət qulluğuna qəbul sahəsində Azərbaycanın təcrübəsini öyrənmək və öz ölkələrində tətbiq etmək məqsədilə ölkəmizdə olduqlarını diqqətə çatdırıb.
Tədbirdə “Dövlət qulluğuna qəbulun Azərbaycan modeli” mövzusunda təqdimatla çıxış edən Mərkəzin hüquqi təminat və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov Azərbaycanda dövlət qulluğuna qəbulun karyeraya əsaslanan sistemə uyğun qurulduğu, dövlət qulluğuna qəbul mexanizmləri, yeni qaydalar, sertifikasiya sistemi və dövlət qulluğu siyasəti ilə bağlı mərkəzin funksiyaları barədə məlumat verib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb və iştirakçılara “Dövlət qulluğuna qəbul qaydaları ilə bağlı nələri bilməliyik?” mövzusunda buklet təqdim olunub.