CƏMİYYƏT
Gəncədə evlərdən və avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb
Bakı, 13 oktyabr, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları ayrı-ayrı vətəndaşlara məxsus evlərdən və şəxsi nəqliyyat vasitələrindən oğurluq hallarına qarşı növbəti uğurlu tədbirlər keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin iyun və sentyabr ayları ərzində rayon ərazisində 5 evdən və 3 avtomobildən müvafiq olaraq pul, məişət əşyaları və akkumulyator oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri, əvvəllər məhkum olan - Elşən Kərimov və Kəmaləddin Qasımov tutulublar.
Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə cari ilin aprel-sentyabr ayları ərzində rayon ərazisində 6 avtomobildən və 1 evdən pul və akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini İlqar Məmmədov saxlanılıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.