CƏMİYYƏT
Gəncədə iki ədəd qumbara və iki ədəd partladıcı aşkarlanıb
Bakı, 11 aprel, AZƏRTAC
Aprelin 10-da saat 22:45-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Gəncə şəhərinin N.Nərimanov küçəsində 1-ci döngə, ev 5, mənzil 21-in zirzəmisində üç ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumatın gecə saatlarında daxil olmasını və ərazinin zirzəmi olmasını təhlükəsizlik baxımından nəzərə alaraq, ərazi Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mühasirəyə alınıb, əməliyyat-axtarış tədbirləri növbəti gün davam etdirilib.
Aprelin 11-də agentliyin mütəxəssislərinin, Kəpəz Rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Təxirəsalınmaz Təcili Tibbi Yardım Stansiyasının Gəncə Regional Bölməsinin əməkdaşlarının qeyd olunmuş ərazidə apardıqları təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində iki ədəd F-1 əl qumbarası və iki ədəd UZRQM partladıcısı aşkarlanıb. Onlar zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Qumbaraların və partladıcıların tapıldığı yerin ətrafında 80 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.