CƏMİYYƏT
“Gənclər Paytaxtı” elan edilən Tovuzda “Gənclərin Liderlik Akademiyası 2” düşərgəsi keçirilib
Bakı, 18 may, AZƏRTAC
Azərbaycanın 2022-ci il üçün “Gənclər Paytaxtı” elan edilən Tovuz rayonunda mayın 13-18-də “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin (GMD) təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə “Gənclərin Liderlik Akademiyası 2” düşərgəsi keçirilib.
Gənclər Fondundan AZƏRTAC—a bildiriblər ki, düşərgənin keçirilməsində əsas məqsəd gənclərin milli-mənəvi dəyərləri daha da dərindən mənimsəməsi, yeni bilik və bacarıqlar əldə etməsinə dəstək vermək, eləcə də asudə vaxtlarının səmərəli keçirmələrini təmin etməkdən ibarətdir. Həmçinin düşərgə çərçivəsində Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsi ilə əlaqədar, Şuşanın və Qarabağın tarixi ilə bağlı maarifləndirmə sessiyaları təşkil edilib, dövlətimizin başçısının həyata keçirdiyi gənclər siyasətinin imkanları barədə məlumat verilib. Gənclər dəvət edilən dövlət və ictimai xadimlər, eləcə də müxtəlif sahələr üzrə mütəxəssislərin iştirakı keçirilən təlim və seminarlar vasitəsi ilə karyera quruculuğu, ictimaiyyətlə əlaqələr, informasiya-texnologiyaları və digər mövzular üzrə biliklərini təkmilləşdiriblər.
Təşkil edilən şəbəkələşmə oyunları, intellektual və idman yarışları proqramın daha maraqlı keçməsinə imkan yaradıb.
İştirakçılar düşərgə müddətində Tovuz və ətraf rayonlardakı tarixi və mədəni abidələri, əraziləri ziyarət ediblər.
“Gənclərin Liderlik Akademiyası 2” düşərgəsində iştirakçı gənclər sertifikatlarla təltif ediləcək. Fəallığı ilə xüsusi seçilən gənclərin “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyində təcrübə proqramına cəlb edilməsi nəzərdə tutulur.
Düşərgədə iştirak etmək üçün ümumilikdə 1200-dən çox gənc müraciət edib. Yekun seçimlər əsasında 110 gənc iştirak etmək hüququ qazanıb.
Qeyd edə ki, ənənə halını alan “Gənclərin Liderlik Akademiyası” ilk dəfə 2021-ci ildə Göygöl rayonunda keçirilib və layihə hər il Azərbaycanın “Gənclər Paytaxtı” seçilən şəhər və rayonlarında icra olunur.