CƏMİYYƏT
Gənclər və idman naziri Cəlilabadda vətəndaşları qəbul edib
Bakı, 13 fevral, AZƏRTAC
Fevralın 13-də gənclər və idman naziri Azad Rəhimov Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı şəhər və rayonlarının sakinlərini qəbul edib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 30-a yaxın sakinin iştirak etdiyi qəbulda müraciətlər əsasən gənclər, idman, tikinti sahələri, sahibkarlığın inkişafı üçün kreditlərinin verilməsi, işlə təminat məsələlərinə dair olub.
Gənclər sahəsində müraciətləri qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər mərkəzlərinin müvafiq avadanlıqla təmin olunması və fəaliyyəti məsələləri təşkil edib.
İdman sahəsi üzrə müraciətlər isə fəxri adların verilməsi, idman mərkəzlərinin lazımi avadanlıqla təmin olunması, Olimpiya İdman komplesklərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakına aid olub.
Həmçinin bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.