CƏMİYYƏT
Gəncliyə Yardım Fondunda əl işləri xeyriyyə sərgisi açılıb
Bakı, 18 may, AZƏRTAC
Mayın 18-də Gəncliyə Yardım Fondunda Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan ənənəvi XVIII əl işləri xeyriyyə sərgisinin açılış mərasimi keçirilib. Mərasimdə Milli Məclisin deputatları, hökumət nümayəndələri və QHT rəhbərləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim sərgiyə təşrif buyuran iştirakçılara təşəkkürünü bildirib. Fondun 30 illik təhsil, humanitar yardım və sosial fəaliyyətlərindən söz açaraq, artıq ənənə halını almış Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan bu sərginin mahiyyətindən danışıb.
Ahmet Tecim mədəniyyətimizin təməlində olan xeyriyyəçilik işləri haqqında məlumat verərək, builki xeyriyyə sərgisindən əldə olunan vəsaitin “Əmanətə sahib çıx” layihəsi çərçivəsində şəhid və qazi ailələrinin övladlarına veriləcəyini bildirib. O, Azərbaycan Türkiyə qardaşlığının əbədi olduğunu vurğulayıb.
Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Anar İsgəndərov, Fazil Mustafa, Vüqar İskəndərov çıxış edərək fondun təşkil etdiyi xeyriyyə tədbirlərini yüksək qiymətləndiriblər. Şəhid valideynlərinin ən çox diqqət və qayğıya layiq şəxslər olduğunu qeyd edərək, Gəncliyə Yardım Fondunun rəhbərliyinə belə bir xeyriyyə sərgisini təşkil etdiyinə görə minnətdarlıqlarını bildiriblər.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər Cavadlı xalqımızın daim xeyriyyəçi işlərlə məşğul olduğunu ifadə edib. Bu sərgini də onun bir nümunəsi kimi dəyərləndirib.
Tədbirdə çıxış edən “Zəfər Şəhid Ailələrinə Dəstək İctimai Birliyi”nin sədri Sevinc Alızadə Vətən uğrunda əziz canlarından keçmiş şəhidlərimizin ailələrinin daima diqqət mərkəzində olduğunu, bu övladları yetişdirən ailələrə hər birimizin hörmət və ehtiram göstərməli olduğumuzu qeyd edib. O, belə sərgi və xeyriyyə fəaliyyətlərinin həmin təbəqədən olan insanlara göstərilən diqqət və qayğı, görülən işlərə böyük nümunə olduğunu vurğulayıb.
Sonda çıxış edən Qarabağ müharibəsi veteranı kapitan Anar Məmmədov şəhid analarının və övladlarının daim başı dik və qürurlu olmalarını söyləyib, şəhidliyin yüksək zirvə olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, hər il Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə Azərbaycan və Türkiyə xanımlarının əl işləri xeyriyyə sərgisi keçirilir. Sərgilərdən əldə edilən vəsait Azərbaycan xalqının milli problemlərinə həsr olunur. Belə ki, əvvəlki illərdə təşkil edilən sərgilər “Xocalıya yardım”, “Qarabağ suallar və faktlar” kitabının nəşri, “Yeddi uşaq evinə yardım”, “Qocalar evinə yardım”, “Uşaqlar arasında dişlərə qulluq mədəniyyətinin formalaşması”, “25 əlilə əlil arabası”, “50 imkansız tələbəyə bir illik təqaüd” və “Yüz imkansız ailəyə bir illik ərzaq yardımı”, “101 arzunu gerçəkləşdir”, “101 ehtiyac sahibi ailəyə yardım”, “Körpələri sevindirək”, “Ümidsizlərin ümidi ol!”, “Bir həyata yol ver!”, “Şəhidlərimizin övladları bizə əmanətdir” kimi layihələrə həsr edilib. Ənənəvi xeyriyyə sərgilərinə Azərbaycan xalqının marağı yüksəkdir.
Xeyriyyə sərgisi dörd gün davam edəcək.