REGİONLAR
General Mahmud Əbilov gənc nəsil üçün vətənpərvərlik nümunəsidir VİDEO
Qusar, 5 noyabr, Elxan Yusifli, AZƏRTAC
Noyabrın 5-də Qusarda Azərbaycanın görkəmli hərb xadimi, Böyük Vətən müharibəsi illərində diviziya komandiri və general-mayor rütbəsinədək yüksəlmiş Mahmud Əbilovun 120 illik yubileyi qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Mahmud Əbilov adına meydanda generalın abidəsini ziyarət ediblər.
Qusardakı Heydər Əliyev Mərkəzində keçirilən yubiley tədbirində rayonun ucqar Uqur kəndində anadan olan Mahmud Əbdülrza oğlu Əbilovun uşaqlıq illəri, hərb həyatı, Böyük Vətən müharibəsində göstərdiyi şücaətlər və ölkəmizin hərb tarixindəki rolundan danışılıb.
Bir çox hərbi birləşmələrdə müxtəlif vəzifələrdə çalışan Mahmud Əbilov Böyük Vətən müharibəsi başlayanda 146-cı əlahiddə atıcı briqadanın komandiri vəzifəsinə təyin edilib. Müxtəlif qoşun birləşmələrinə komandanlıq edən Mahmud Əbilov Volxov, Şimal-Qərb, II və III Belarus cəbhələrində faşist işğalçılarının darmadağın olunmasında böyük şücaət göstərib. General-mayor Mahmud Əbilov döyüş xidmətlərinə görə 5 “Qırmızı bayraq”, I dərəcəli “Vətən müharibəsi”, II dərəcəli “Kutuzov”, “Suvorov”, “Boqdan Xmelnitski”, eləcə də Amerika Birləşmiş Ştatlarının və Polşa Respublikasının ordenləri ilə təltif olunub.
1998-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı Sərəncama əsasən, general-mayor Mahmud Əbilovun 100 illik yubileyi təntənəli şəkildə qeyd edilib.
Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev, Azərbaycan Yazıçılar Birliyinin üzvü Hacıbala Yarqunvi, Qusar Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Xatirə Nağıbəyova və başqaları çıxışlarında Mahmud Əbilovun gənc nəsil üçün vətənpərvərlik nümunəsi olduğunu bildiriblər.
Tədbirin sonunda Mahmud Əbilova həsr olunan “Kiçik kəndin böyük generalı” adlı sənədli filmi nümayiş etdirilib.