SİYASƏT
General Yücel Karauz: Silahlı Qüvvələr Gününü Zəfərlə qeyd etməyimizin təməlində yüksək ordu quruculuğu siyasəti dayanır
Ankara, 26 iyun, AZƏRTAC
Qüdrətli Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin dövlətçilik məsələlərində yaratdığı şah əsəridir. Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən dövrdə bu ordunu dünyanın ən mütəşəkkil Silahlı Qüvvələri sırasına yüksəltməklə Azərbaycanı nurlu bir yola çıxarda bildi. 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününü Zəfərlə qeyd etməyimizin təməlində məhz yüksək ordu quruculuğu siyasəti dayanır. Əcdadlarımızın 103 il əvvəl yaratdığı Azərbaycan Silahlı Qüvvələri hər birimizin qürur yeri, iftixar mənbəyidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında ehtiyatda olan türkiyəli general Yücel Karauz bildirib.
Azərbaycan Silahlı Qüvvələrinin gücünü və qüdrətini müasir təchizat, yüksək təlimlər və döyüşkən ruh yüksəkliyi ilə xarakterizə edən general Yücel Karauz deyib: “Azərbaycan Ordusunun yüksək peşəkarlığı barədə indiyədək çox danışmışdıq. Ermənistanın hərbi təxribatları və hücumları nəticəsində ötən il sentyabrın 27-də başlanan Vətən müharibəsində göstərilən şücaət Azərbaycan Ordusunun gücünü, peşəkarlığını və humanistliyini bütün dünyaya göstərdi. Azərbaycan Ordusunun qazandığı pak Qələbə Türkiyə üçün də əbədi Zəfərdir. Azərbaycan Silahlı Qüvvələri Günü indi tarixi Zəfər qazanan ordu bayramıdır”.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni bütün bölgə üçün sülh, sabitlik və inkişaf şansı kimi dəyərləndirən general deyib ki, Qars müqaviləsi Naxçıvanın təhlükəsizliyi üçün zəmanət olduğu kimi, Şuşa Bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünün qorunması naminə həyata vəsiqə qazanan beynəlxalq statuslu təminatdır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara