ELM VƏ TƏHSİL
Genetik Ehtiyatlar İnstitutunda biologiya və aqronomluq ixtisasları üzrə dissertasiyalar müdafiə olunub
Bakı, 18 iyun, AZƏRTAC
Genetik Ehtiyatlar İnstitutunda biologiya və aqronomluq ixtisaslarına daxil olan genetika, insan genetikası, bitkilərin seleksiyası və bitkilərin mühafizəsi ixtisaslaşmaları üzrə magistrantların dissertasiya işlərinin müdafiəsi keçirilib.
Bu barədə AZƏRTAC-a Genetik Ehtiyatlar İnstitutundan məlumat verilib. Biologiya ixtisası üzrə komissiyanın sədri, biologiya elmləri doktoru, professor Ramiz Əliyev elmi müəssisədə magistratura təhsilinin yüksək səviyyədə təşkil olunduğunu və hər il magistrantların tədqiqatlarının daha dərin səviyyədə aparılmasının şahidi olduğunu diqqətə çatdırıb.
Genetika ixtisaslaşması üzrə magistrant Ülkər Hüseynova tədqiqat işində ilk dəfə olaraq Azərbaycanda “NCBİ GEO” verilənlərinin analizi üçün sistem yaradıldığını bildirib və həmin sistemdən tədqiqatçıların faydalanması üçün yeni veb-səhifənin də hazırlandığını qeyd edib. İnsan genetikası ixtisaslaşması üzrə magistrantlar – Zümrüd Mehdiyeva və Elvira Quliyeva Azərbaycan populyasiyasında rast gəlinən “Fabri” və “Sarılıq” xəstəliklərinin molekulyar genetik və bioinformatik tədqiqi üzrə əldə etdikləri nəticələri şərh ediblər.
Biologiya elmləri doktoru, dosent Aybəniz Əliyevanın sədrliyi ilə keçirilən müdafiədə bitkilərin seleksiyası və bitkilərin mühafizəsi ixtisaslaşması üzrə Emilya Şabanova və Orxan Bayramlı arpa bitkisinin pas xəstəliyinə, pambıq bitkisinin isə vilt xəstəliyinə davamlılığı üzrə molekulyar səviyyədə yerinə yetirdikləri tədqiqat işləri haqqında geniş məlumat veriblər.
Müdafiədə komissiyanın üzvləri ilə yanaşı, AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin Magistratura sektorunun baş mütəxəssisi Fariz Ağayev, Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, elmi rəhbərlər, rəyçilər və institutun müxtəlif şöbələrinin əməkdaşları iştirak edib, geniş müzakirələr aparılıb, institutda magistr hazırlığı yüksək qiymətləndirilib.