CƏMİYYƏT
Goranboyda F-1 əl qumbarası aşkarlanıb
Bakı, 17 aprel, AZƏRTAC
Aprelin 17-də saat 10:08-də Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” xidmətindən və saat 11:22-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Goranboy rayonunun Tapqaraqoyunlu kəndində bir əl qumbarasının tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri tərəfindən qeyd olunmuş ərazidə kənd icra nümayəndəliyinin inzibati binasına baxış keçirilib. Aparılan təxirəsalınmaz operativ əməliyyat tədbirləri nəticəsində bir ədəd F-1 əl qumbarası aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Yanvarın 1–dən aprelin 17-dək ANAMA tərəfindən 3445 partlamamış hərbi sursat, 73 kiloqram partlayıcı maddə və tank əleyhinə üç mina aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə 60 min 715 kvadratmetr ərazi yoxlanılıb.