REGİONLAR
Göyçayda ali məktəblərə keçirilən qəbul imtahanları uğurla başa çatıb
Göyçay, 15 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC
İyulun 15-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Göyçay rayonunda 2016/2017‑ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
TQDK-nın Göyçay regional bölməsindən AZƏRTAC-a bildiriblər ki, imtahanlar Göyçay şəhərində 2 mərkəzdə təşkil olunub. Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində və şəhər 1 saylı orta məktəbdə keçirilən imtahanlarda ümumilikdə, 1331 abituriyent iştirak edib.
İmtahanların idarə olunmasına 8 imtahan rəhbəri və 102 nəzarətçi-müəllim ayrılıb. İmtahan mərkəzlərində abituriyentlərə biliyini nümayiş etdirmələri üçün hər cür şərait yaradılıb. TQDK-nin Göyçay regional bölməsinin əhatə etdiyi 6 rayondan - Göyçay, Ucar, Ağdaş, Kürdəmir, Ağsu, İsmayıllıdan abituriyentlər müvafiq sənədləri - şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni təqdim etdikdən sonra imtahana buraxılıblar.
İmtahanlar saat 11:00-da başlayıb və 3 saat davam edib. Abituriyentlərə hər fəndən 25 sual olmaqla, ümumilikdə, 125 test tapşırığı təqdim olunub. I ixtisas qrupunda riyaziyyat, fizika və kimya fənlərindən, IV ixtisas qrupunda isə riyaziyyat, kimya və biologiya fənlərindən son 4 sual açıq tipli test tapşırıqları olub.
TQDK-nın Göyçay regional bölməsindən bildirilib ki, hər iki mərkəzdə imtahanlar mövcud təlimata uyğun aparılıb. Şəffaf şəraitdə keçən imtahanların gedişində heç bir qanun pozuntusu qeydə alınmayıb. İmtahan rəhbərləri və nəzarətçi müəllimlər öz vəzifələrini peşəkarlıqla yerinə yetiriblər.