CƏMİYYƏT
Göyçayda karantin rejimi tələblərinin pozulduğu restoranın sahibi cərimələnib
Bakı, 29 iyul, AZƏRTAC
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə Potu kəndi ərazisində yerləşən “Bizim bağ” restoranında təşkil edilən toy mərasimi barədə məlumatların portalda qeydiyyatdan keçirilmədiyi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, karantin rejiminin qayda və tələblərini pozan obyektin sahibi Şamil Novruzov 4 min, toy sahibi Rövşən Qasımov isə 200 manat məbləğində cərimələniblər.
Rayonun Üngütlü kəndində Rəşid Eyvazova məxsus fərdi evdə keçirilən toy mərasimində isə qonaqların sayının 50-dən artıq olduğu aşkarlanıb və ev sahibi barəsində qanunamüvafiq tədbir görülüb.