REGİONLAR
Göyçayda şəhid polkovnikin xatirəsi anılıb
Göyçay, 25 noyabr, AZƏRTAC
Göyçayda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan polkovnik Babək Səmidlinin xatirəsi uyuduğu Şəhidlər xiyabanında ehtiramla anılıb. Anım mərasimində rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə, Milli Məclisin deputatları Sabir Hacıyev, Məzahir Əfəndiyev, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbçiləri, ağsaqqallar, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, polkovnik Babək Səmidlinin məzarı üstünə çiçəklər düzülüb, xatirəsi ehtiramla yad edilib. Mərasimdə çıxış edən icra başçısı şəhidin şərəfli döyüş yolundan danışıb, 44 günlük Vətən müharibəsində əsgər və zabitlərimizin göstərdikləri şücaətdən söz açıb. Vurğulayıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qısa vaxtda işğalçı erməni ordusu darmadağın edildi, 30 il düşmən tapdağı altında qalan torpaqlarımız azad olundu.
Bildirilib ki, 2016-cı il Aprel döyüşlərində iştirak edən Babək Səmidli Vətən müharibəsində də zabit borcunu şərəflə yerinə yetirib. Tərtərin Suqovuşan qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlərə rəhbərlik edib və qəsəbə qısa vaxtda düşməndən təmizlənib. Təəssüf ki, 2020-ci il noyabrın 24-də minaya düşərək şəhid olub. Göyçayın Şəhidlər xiyabanında dəfn edilib. Ölümündən sonra Prezidentin Sərəncamı ilə “Zəfər” ordeni, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.
Bu gün Göyçayın ən abad küçələrindən biri şəhid Babək Səmidlinin adını daşıyır.