CƏMİYYƏT
Göygöldə “BMW” markalı avtomobilinin yol kənarındakı maneəyə çırpılması iki nəfərin ölümü ilə nəticələnib
Bakı, 20 mart, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi Göygöl rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə əlaqədar məlumat yayıb.
AZƏRTAC FHN-in saytına istinadla xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Göygöl rayonu ərazisində “BMW” markalı minik avtomobilinin yol kənarındakı maneəyə çırpılması barədə məlumat daxil olub. Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb edilib.
Qəza zamanı ölən 1988-ci il təvəllüdlü İvan Kodrean adlı şəxsin (Moldova vətəndaşı) cəsədi xilasedicilər tərəfindən deformasiyaya uğramış avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Avtomobildə olan digər vətəndaş (şəxsiyyəti dəqiqləşdirilir) xilasedicilər hadisə yerinə çatanadək xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.