CƏMİYYƏT
Gün ərzində Cocuq Mərcanlıda 2716 qəlpə və tank əleyhinə mina aşkarlanıb VİDEO
Bakı, 10 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri aprelin 10-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 2716 qəlpə və tank əleyhinə “TM-57” minası aşkar ediblər. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülüb. Ümumilikdə 67 min 852 kvadratmetr ərazi (3992 kvadratmetr əl ilə, 10,9 min kvadratmetr mexaniki üsulla və 52 min 960 kvadratmetr minaaxtaran itlərin vasitəsilə) yoxlanılıb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, 52 gün ərzində agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. İyirmi iki partlamamış hərbi sursat (4 ədəd 82 millimetrlik “OF-832”, 2 ədəd 120 millimetrlik “OF-843” minaatan mərmisi, 3 ədəd 93 millimetrlik tank əleyhinə idarə olunmayan raket (2 ədəd “PQ-7VL” və 1 ədəd “PQ-7VM”), 2 ədəd 70 millimetrlik tank əleyhinə idarə olunmayan “PQ-7VM” raketi, 1 ədəd “PQ-7” raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd “F-1” əl qumbarası, 1 ədəd 100 millimetrlik “OF-412” top mərmisi və 8 ədəd “TM-62P3” minasının gücləndiricisi, 6 ədəd piyada əleyhinə “OZM-72” mina və 37 ədəd tank əleyhinə mina (13 tank əleyhinə “TM-57” minası və 24 ədəd “TM-57” tank əleyhinə minanın partladıcısı “MVZ-57”) aşkar olunaraq zərərsizləşdirilib. Baxış zamanı 1 milyon 586 min 329 kvadratmetr ərazi (453 min 412 kvadratmetr əl ilə, 442 min 800 kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr SENSYS dərinlik ölçən cihazı və 577 min 117 kvadratmetr minaaxtaran itlərin köməyi ilə) yoxlanılıb.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
Agentlik tərəfindən yanvarın 1-dən aprelin 10-dək cəmi 5124 partlamamış hərbi sursat, tank əleyhinə 78 mina və piyada əleyhinə 9 mina aşkar olunaraq zərərsizləşdirilib.
Ümumilikdə 1 milyon 642 min 493 kvadratmetr ərazi (509 min 576 kvadratmetr əl ilə, 442 800 kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr SENSYS dərinlik ölçən cihazı və 577 min 117 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.