ELM VƏ TƏHSİL
Günəş avtomobillərinin yol boyunca hərəkətinin simulyasiyası üçün riyazi model hazırlanıb
Bakı, 16 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Əliyev adına Coğrafiya İnstitutunda keçirilən növbəti seminarda bu elm müəssisəsinin Xəzər dənizinin monitorinqi şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Rauf Qardaşov “Günəş avtomobillərinin yol boyunca hərəkətinin simulyasiyası və vizuallaşdırılması” mövzusunda məruzə edib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, günəş enerjisi ilə işləyən avtomobillərin yol boyunca hərəkətinin simulyasiyası və vizuallaşdırılması üçün riyazi model işləmiş alim onun iki modelin birləşməsindən ibarət olduğunu söyləyib.
Qeyd edilib ki, birincisi, yolun ixtiyari nöqtəsində və zamanın istənilən anında avtomobilin panelinə düşən günəş enerjisini hesablama modeli, ikincisi isə günəş avtomobilləri hərəkətinin riyazi modelidir. Avtomobilin hərəkəti ona təsir edən bütün əsas qüvvələr (dartı, ağırliq, reaksiya və müqavimət), yolun əyrixətli trayektoriyası və relyefin panelə düşən günəş enerjisinə təsiri nəzərə alınaraq modelləşdirilib. Seçilmiş yollar (Bakı-Şamaxı, Zaqatala-Tbilisi və Hamburq-Berlin) boyunca “SunRiser” günəş avtomobilinin hərəkəti simulyasiya edilib və monitorda vizuallaşdırılıb.
R.Qardaşov bu modelin gələcəkdə yaradılacaq günəş avtomobillərinin naviqasiya sisteminın əsasını təşkil edə biləcəyini diqqətə çatdırıb. Alim bildirib ki, bu model enerjidən optimal istifadə etməklə onların hərəkətinin idarə edilməsi hərəkətin başlanğıc vaxtının seçimi, yol boyunca saxlanılması lazım olan optimal sürət, dağ keçidlərinə çatma vaxtı (böyük miqdarda günəş enerjisi və ya tam doldurulmuş akkumulyatorlar), akkumulyatordan istifadə və onun doldurulma vaxtlarının seçimi) və s. bu kimi problemlərin həllində tətbiq edilə bilər.