DÜNYA
Gürcüstanda ənənəvi olaraq hər il keçirilən Tbilisoba bayramı təxirə salınıb
Tbilisi, 13 oktyabr, AZƏRTAC
Gürcüstanda 1979-cu ilin oktyabr ayından (1990-cı ildə keçirilməyib) ənənəvi olaraq hər il keçirilən Tbilisoba bayramı bu il keçirilməyəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Tbilisi şəhəri merinin vəzifələrini icra edən Kaxa Kaladze məlumat verib.
Onun sözlərinə görə, əvvəlcə pandemiya səbəbindən bayram konsertinin və “Tbilisinin Fəxri Vətəndaşı” adına layiq görülənlərin mükafatlandırılmasının televiziya vasitəsilə keçirilməsi nəzərdə tutulmuşdu. Lakin oktyabrın 8-də Batumidə baş vermiş məlum qəza səbəbindən konsert və digər təntənəli tədbirlər də olmayacaq. Bayram tədbirinin keçirilməsi üçün büdcədən ayrılmış vəsait isə “Faciədən zərər çəkmiş insanlara yardım Fondu”na köçürüləcək.
Kaxa Kaladze qeyd edib ki, oktyabrın 23-24-də Tbilisidə bayrama həsr olunmuş “Payız hədiyyələri” yarmarkası keçiriləcək. Yarmarkada ölkənin bütün bölgələrindən gətirilmiş məhsulların satışı təşkil olunacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi