CƏMİYYƏT
Gürcüstanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar Azərbaycanda 3 məntəqə yaradılacaq
Tbilisi, 5 oktyabr, AZƏRTAC
Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) ölkə üzrə seçicilərin ümumi siyahısını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan MSK-nın mətbuat katibi Anna Mikeladze məlumat verib.
Onun sözlərinə görə, bu günədək ölkə üzrə 3 milyon 503 min 113 seçici qeydiyyata alınıb.
Məlumat üçün qeyd edək ki, seçkilərlə bağlı ölkə üzrə 73 seçki dairəsində 3 min 637 seçki məntəqəsi yaradılıb.
Bundan başqa, prezident seçkiləri ilə əlaqədar 41 ölkədə 59 seçki məntəqəsi açılacaq.
Gürcüstanın Azərbaycandakı səfirliyində 3 məntəqə yaradılacaq.
Bu məntəqələrdə Azərbaycanda daimi yaşayan və həmçinin müvəqqəti səsvermə hüququna malik, konsulluq və ya ünvan qeydiyyatında olan Gürcüstan vətəndaşları səs verə biləcəklər.
Gürcüstanda prezident seçkiləri oktyabrın 28-də keçiriləcək.
MSK seçkilərdə iştirak etmək üçün 25 nəfərin namizədliyini qeydə alıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi