İQTİSADİYYAT
HEYDƏR ƏLİYEV ADINA CEYHAN TERMİNALINDA 100-CÜ TANKERİN YOLA SALINMASI MÜNASİBƏTİLƏ MƏRASİM KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, fevralın 15-də Heydər Əliyev adına Ceyhan terminalında Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə nəql olunan xam nefti dünya bazarlarına daşıyan 100-cü tankerin yola salınması münasibətilə mərasim keçirilmişdir.
Mərasimdə çıxış edən Türkiyənin enerji və təbii ehtiyatlar naziri Hilmi Gülər bildirmişdir ki, bu günə qədər Heydər Əliyev adına Ceyhan terminalına BTC kəməri ilə 76 milyon barrel xam neft daxil olmuşdur. O xatırlatmışdır ki, bu mühüm boru kəməri 2006-cı ilin iyul ayında istifadəyə verilmiş və ötən müddətdə Türkiyəyə 300 milyon dollar gəlir gətirmişdir. BTC kəməri ilə yanaşı, yaxın gələcəkdə Samsun-Ceyhan və Kərkük-Yumurtalıq boru xətləri ilə nəql ediləcək xam neft də Heydər Əliyev adına Ceyhan terminalına daxil olacaqdır. Bundan başqa, tezliklə 3 təbii qaz kəməri də Ceyhana çatacaqdır ki, bu da regionun enerji mərkəzinə çevrilməsinə səbəb olacaqdır.
Hilmi Gülər əlavə etmişdir ki, Bakı-Tbilisi-Ərzurum kəməri ilə nəql olunacaq ilk təbii qaz mart ayında Türkiyəyə daxil olacaqdır. O, Qazaxıstanın da BTC kəmərinə qoşulduğunu xatırladaraq, qazax neftinin bu xətlə nəqlindən sonra boru kəmərinin Aktau-Bakı-Tbilisi-Ceyhan adlanacağını söyləmişdir.