SİYASƏT
HEYDƏR ƏLİYEV AZƏRBAYCANIN MİLLİ SİYASƏTİNİN BANİSİDİR
Qafqaz Universitetində Azərbaycan Prezidenti Heydər Əliyevin 80 illiyinə həsr edilmiş təntənəli toplantı keçirilmişdir. Toplantını universitetin rektoru, professor Erol Oral açaraq dövlətimizin başçısının xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışmışdır. O, demişdir ki, Heydər Əliyev bu gün təkcə Azərbaycanın deyil, həm də bütün türk dünyasının böyük lideri və öndəridir.
Sonra milli siyasət məsələləri üzrə dövlət müşaviri Hidayət Orucov “Heydər Əliyev və Azərbaycan Respublikasının milli siyasəti” mövzusunda məruzə etmişdir. O, bildirmişdir ki, zəmanəmizin görkəmli ictimai-siyasi və dövlət xadimlərindən biri olan Prezident Heydər Əliyevin 80 illik yubileyi bu günlər ölkəmizdə ümumxalq bayramı kimi qeyd edilir. Xarici ölkələrdə də bu münasibətlə tədbirlər keçirilir.
Məruzəçi dövlətimizin başçısını XX əsrin yetirdiyi ən böyük şəxsiyyətlərdən biri kimi dəyərləndirərək Heydər Əliyevin xalqımızın əvəzsiz milli sərvəti olduğunu xüsusi vurğulamışdır.
Natiq onu da söyləmişdir ki, Azərbaycan Respublikasının beynəlxalq aləmdə rəğbətlə qarşılanan milli siyasəti möhtərəm Heydər Əliyevin adı ilə sıx bağlıdır. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə dövlətimizin və xalqımızın, eyni zamanda respublikamızda yaşayan milli azlıqların mənafeyinə, maraqlarına uyğun sistemli milli siyasət proqramı hazırlanmış və uğurla həyata keçirilməkdədir.
Daha sonra natiq Azərbaycanda demokratik, hüquqi, sivil dövlət quruculuğuna, insan hüquq və azadlıqlarının təmin edilməsinə, xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına əsaslanan bu siyasətin mahiyyətini açıqlamışdır.
Milliyyətindən, dinindən, irqindən asılı olmayaraq bütün insanların Konstitusiya hüquqlarının, vicdan azadlıqlarının təmin edilməsi, müxtəlif dinlərə mənsub insanların dostluq və sıx əməkdaşlıq şəraitində yaşaması, tolerantlıq Heydər Əliyev milli siyasətinin başlıca prinsiplərindən biridir. Elə buna görə də Azərbaycanın milli siyasəti benəlxalq aləmdə şöhrət qazanmışdır, hər yerdə rəğbət hissi ilə qarşılanır və başqa dövlətlərə nümunə göstərilir.
Toplantıda Azərbaycan Prezidenti Heydər Əliyevə müraciət qəbul olunmuşdur. Müraciətdə deyilir:
Əziz və möhtərəm cənab Prezident!
Keçən əsrin 90-cı illərinin əvvəlləri yenicə müstəqillik əldə etmiş Azərbaycan Respublikasının həyatında son dərəcədə təlatümlü və sınaq dövrü kimi yadda qalmışdır.
Bilavasitə həmin dövrdən etibarən fəaliyyətə başlamış Qafqaz Universiteti ötən on il müddətində Azərbaycan dövlətçiliyinin üzləşdiyi problemlər və onların uğurlu həllində oynadığınız tarixi rolun şahidi olmuşdur. Ölkəmizdə sabitliyin pozulması və vətəndaş qarşıdurması istiqamətində xarici qüvvələrin də təhriki ilə baş verən hadisələr birbaşa Azərbaycanın dövlət müstəqilliyini sarsıtmaq məqsədilə planlaşdırılmışdı. Azərbaycan dövlətçiliyinin məhvinə yönəldilmiş planların Sizin müdrikliyiniz sayəsində boşa çıxması sübut etdi ki, qədirbilən Azərbaycan xalqı ölkəmiz üçün çətin anda üzünü Sizə tutmaqda və gələcək taleyeni Sizə tapşırmaqda həqiqətən uğurlu seçim etmişdir.
Əziz Prezidentimiz!
Şükürlər olsun ki, Sizin dərin düşünülmüş məqsədyönlü siyasətiniz nəticəsində dövlətimizin müstəqilliyi üçün yaranmış təhlükələr aradan qaldırılmışdır. Məhz Zati-alinizin zəngin siyasi təcrübəsi və uzaqgörənliyi sayəsində ölkəmizdə sabitlik bərqərar edilmiş, beynəlxalq aləmdə Azərbaycan layiqincə və yüksək səviyyədə təmsil olunmuşdur.
Möhtərəm cənab Prezident!
Azərbaycana xarici iş adamlarının sərmayə qoymasında, iqtisadi və mədəni əlaqələrin inkişafında ölkəmizdəki sabitliyin memarı kimi Zati-alinizin rolu inkarolunmazdır. Bu mənada Azərbaycan və Türkiyə arasında hərtərəfli əməkdaşlıq, dostluq əlaqələrinin inkişaf etdirilməsi sahəsindəki rolunuzu tarix heç vaxt unutmayacaqdır.
Cənab Prezident!
“Əsrin müqaviləsi”nin imzalanması, müqavilədə Türkiyənin payının artırılmasında Azərbaycanın göstərdiyi böyük fədakarlığın, nəhayət, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələri ideyasının irəli sürülməsində və həyata keçirilməsində nümayiş etdirdiyiniz siyasi iradə və əzm tarixin şanlı səhifəsinə çevrilmişdir.
Əziz və möhtərəm Prezident!
Bilavasitə Zati-alinizin göstərdiyi qayğı və diqqət nəticəsində Qafqaz Universiteti həyata vəsiqə almış və bu gün ölkələrimiz arasında elm, təhsil körpüsü rolunu oynamaq imkanı qazanmışdır. Təsisçi şirkətimiz və universitetimiz Sizin göstərdiyiniz yüksək etimadı doğrultmaq üçün əlindən gələni etmiş və edəcəkdir.
Universitetin həyatında mühüm əhəmiyyət kəsb edən onillik yubileyinin Zati-alinizin 80 illiyi ilə eyni vaxta təsadüf etməsi Qafqaz Universitetinin müəllim-tələbə heyətində qürur hissi oyadır. Sadəcə Azərbaycanın deyil, həm də türk dünyasının müasir tarixində olduqca böyük əhəmiyyət kəsb edən bu əlamətdar yubileyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, sizə möhkəm cansağlığı, uzun ömür, Azərbaycanın çiçəklənməsi, ölkələrimiz arasında qardaşlıq münasibətlərinin, hərtərəfli əlaqələrin daha yüksək səviyyəyə qaldırılması yolunda apardığınız məqsədyönlü və səmərəli işinizdə müvəffəqiyyətlər arzulayırıq.