SİYASƏT
“HEYDƏR ƏLİYEV VƏ MÜSTƏQİL AZƏRBAYCAN GƏNCLİYİ”
Milli Məclisin deputatı Vüqar Rəhimzadə mərasimi açaraq kitab barədə məlumat vermişdir. O, demişdir ki, İbrahim Mustafayev və Zaur Adıgözəlovun tərtib etdikləri kitab Prezident Heydər Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğının gələcək nəsillər tərəfindən öyrənilməsi baxımından da olduqca əhəmiyyətlidir.
Dörd fəsildən ibarət kitabın redaktoru Milli Məclisin deputatı Mübariz Qurbanlı, ön sözün müəllifi deputat Siyavuş Novruzovdur. Kitabda Prezident Heydər Əliyevin gənclərlə bağlı çıxışları, Fərman və Sərəncamları, dövlətimizin başçısının çoxşaxəli fəaliyyətinin müxtəlif sahələrinə həsr olunmuş məqalələr, Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və Büro üzvü İlham Əliyevin yerli və xarici mətbuatda dərc olunan müsahibələri və digər materiallar toplanmış, çoxlu rəngli fotoşəkillər verilmişdir.
Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov, deputatlardan Musa Musayev, Məlahət Həsənova, Mubariz Qurbanlı, habelə tərtibçilərdən İbrahim Musatafayev və başqaları çıxış edərək, kitab haqqında fikir və mülahizələrini bildirmişlər.
Natiqlər Prezident Heydər Əliyevin siyasi irsinin gənclər tərəfindən araşdırılmasını yüksək qiymətləndirmiş, xalqımızın ümummilli liderinin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi, ölkəmizin dünya birliyində öz layiqli yerini tutması sahəsindəki nəhəng fəaliyyətinin gənc nəsil üçün daim örnək olacağını vurğulamışlar.