REGİONLAR
Hacıkənddə dolu və sel 114 evə ziyan vurub, 15-dək avtomobil yararsız hala düşüb
Gəncə, 20 iyun, Rauf Hacıyev, AZƏRTAC
Qərb bölgəsində müşahidə olunan leysan yağışları Gəncənin Hacıkənd qəsəbəsində sonradan doluya çevrilib. Güclü dolu səbəbindən qəsəbənin infrastrukturuna ciddi ziyan dəyib. Dolunun ölçüsü 3 santimetrə çatıb.
AZƏRTAC xəbər verir ki, 114 evin dam örtüyü, pəncərələri qırılıb, bəzi evlərə sel suları dolub.
Eyni zamanda, sosial obyektlərə, əkin sahələrinə və 15-dək şəxsi avtomobilə ziyan dəyib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Hacıkənd qəsəbəsində olub, təxirəsalınmaz tədbirlərin görülməsi üçün tapşırıqlarını verib. Dəyən ziyanın miqdarını müəyyənləşdirmək və fəsadları aradan qaldırmaq üçün şəhər Fövqəladə Hallar Komissiyasının üzvləri Hacıkənddə tədbirlərə başlayıb.