CƏMİYYƏT
Hacıqabulda piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub
Bakı, 29 yanvar, AZƏRTAC
Yanvarın 28-də saat 2 radələrində Hacıqabul rayonunun Muğan kəndi ərazisində yolu keçən Ağdam rayon sakini Adil Kərimov naməlum avtomobillə vurulub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “MAN” markalı avtomobilin sürücüsü, Qobustan rayon sakini O.Güləliyev Baş Dövlət Yol Polisi İdarəsi, Baş İstintaq və Təhqiqat İdarəsi və Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.