CƏMİYYƏT
Hazırda ölkəmizdə seysmiklik fon səviyyəsindədir
Bakı, 10 dekabr, Əziz Məmmədov, AZƏRTAC
Elə ərazilər var ki, orada zəif yeraltı təkanlar həmişə hiss edilir. Biz bu təkanlar haqqında hər gün məlumat alırıq. Hazırda ölkəmizdə seysmiklik fon səviyyəsindədir və son zamanlar qeydə alınan yeraltı təkanlar Azərbaycanın bu və ya digər regionunda güclü zəlzələ gözlənməsinə dəlalət etmir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Baş direktoru Qurban Yetirmişli bu sözləri AZƏRTAC-a eksklüziv müsahibəsində söyləyib.
Qeyd edilib ki, Azərbaycan seysmik zonada yerləşir və buna görə seysmik baxımdan aktiv bölgə hesab edilir.
RSXM rəhbəri daha sonra deyib: “2014-cü ilin əvvəlindən yeraltı təkanların mənbələri fəallaşıb. Yanvarın 2-də Xəzər dənizində maqnitudası 4,2 bal olan zəlzələ, Zaqatalada, iki dəfə Balakəndə zəlzələ baş verib. Bu il fevralın 10-da yerli vaxtla saat 16:07-də Saatlı şəhərindən 41 kilometr şimal-şərqdə, Hacıqabul rayonu ərazisində zəlzələ qeydə alınıb. 55 kilometr dərinlikdə baş vermiş və maqnitudası 5,8 bal olan bu zəlzələ yeraltı təkanların sürətlənməsinə səbəb olub. Son 40 il ərzində həmin ərazidə qeydə alınmış ən güclü zəlzələ hətta Bakıda da hiss olunub. O vaxtdan bu günə qədər Rixter cədvəli üzrə maqnitudası 5 baldan yuxarı olan daha 5 zəlzələ baş verib. Hiss olunan təkanların sayı 30-a yaxın, daha zəif təkanların sayı isə qat-qat çox olub. Qəbələ-Xınalıq, Daşgil-Mədrəsə, İsmayıllı-Qəbələ, Qəbələ-Çaxırlı və Qozluçay plitələrində dərin sınmalar və geodinamik hərəkətlər nəticəsində təkanlar fəallaşır və zəlzələlər baş verir. Dekabrın 1-də bir saat ərzində Xəzər dənizində 3 dəfə amplitudası 3,3 – 3,9 bal olan zəlzələlər baş verib. Lakin qorxuya düşmək üçün əsas yoxdur, çünki respublika ərazisində gün ərzində 3,4,5, bəzən isə 8-10 təkan qeydə alınır. Zəif hiss edilən yeraltı təkanlar yüksək dəqiqliyə malik seysmometrlərlə ölçülür. Biz bütün bunları monitorlarda müşahidə edirik. Bəzi ərazilərdə fəallaşma gedir, bir neçə gün ərzində ayrı-ayrı zəif təkanlar müşahidə olunur. Lakin bu, seysmik fəallığa dəlalət etmir, az sonra bu hadisənin əlamətləri yox olur. Gələcəkdə bu proses seysmik baxımdan fəal olan başqa bir zonada yarana bilər”.