CƏMİYYƏT
Həftə ərzində dünyada koronavirusa yoluxma hallarının sayı 12 faiz azalıb
Bakı, 12 may, AZƏRTAC
Ötən həftə ərzində koronaviris infeksiyasına 3,5 milyondan çox insan yoluxub, 12 mindən çox insan həyatını itirib. AZƏRTAC Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülleteninə istinadla xəbər verir ki, əvvəlki yeddi gün ilə müqayisədə yoluxma hallarının sayı 12 faiz, ölüm hallarının sayı isə 25 faiz azalıb.
Ötən həftə (25 aprel - 1 may) ilə müqayisədə yoluxma hallarında ən çox azalma Cənub-Şərqi Asiyada (29 faiz), Şərqi Aralıq dənizi bölgəsində (28 faiz) və Avropada (26 faiz) qeydə alınıb. Eyni zamanda yoluxma hallarında artım Amerikada (14 faiz) və Afrikada (12 faiz) qeydə alınıb. Ölüm hallarında azalma Cənub-Şərqi Asiyada (70 faiz), Qərbi Sakit Okean regionu (32 faiz), Şərqi Aralıq dənizi bölgəsində (26 faiz) və Avropada (24 faiz) müşahidə olunub. Eyni zamanda ölüm hallarının sayı Afrikada (84 faiz) və Amerikada (3 faiz) artıb.
ÜST-nin informasiya bülletenində qeyd olunur ki, ABŞ həftə ərzində ən çox yoluxma hallarının sayı (451.414) barədə məlumat təqdim edib. Daha sonra Avstraliya (431.410), Almaniya (427.044), İtaliya (304.573) və Koreya Respublikası (268.749) yer alıb. ABŞ-da yeddi gün ərzində ən çox – 2.652 ölüm halı qeydə alınıb. Sonrakı yerləri Rusiya (915), İtaliya (910), Fransa (732) və Braziliya (681) tutur.
ÜST-nin məlumatına görə, dünyada dövr edən “omikron” ştamı yenə üstünlük təşkil edir.
Bu günə qədər Azərbaycanda koronavirus infeksiyasına 792 min 651 yoluxma faktı aşkar edilib, 9 min 709 nəfər vəfat edib.