CƏMİYYƏT
“Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktiki seminar keçirilib
Bakı, 19 dekabr, AZƏRTAC
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Hemofiliyada multidissiplinar yanaşma” mövzusu üzrə elmi-praktik seminar keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, İSİM-in direktoru Qəhrəman Haqverdiyev tədbiri açaraq qan xəstəliyi olan hemofiliyadan əziyyət çəkənlərin ölkəmizdə dövlət qayğısı ilə əhatə olunduğunu bildirib.
Səhiyyə Nazirliyinin Elmi-Praktiki Hemofiliya Mərkəzinin rəhbəri, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun hematologiya kafedrasının müdiri Elmira Qədimova yer üzündə təxminən 400 min nəfərin hemofiliyadan əziyyət çəkdiyini, dünyanın yalnız 20 faiz ölkəsində həmin xəstələrin lazımi dərman preparatları ilə təmin edildiyini söyləyib. Bildirib ki, 2006-cı ildə Azərbaycan xəstələri dərmanla təchiz edən ölkələrin sırasına daxil olub. Hazırda Elmi-Praktik Hemofiliya Mərkəzində 1621 xəstə dispanser qeydiyyatına alınıb və digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da onlar həm ev, həm də stasionar və ambulator şəraitdə müalicə alırlar.
Respublika Klinik Xəstəxanasının hematologiya şöbəsinin müdiri Vüqar Şirzadov son vaxtlar göstərilən dövlət qayğısı sayəsində xəstələrin həyat keyfiyyətinin xeyli yaxşılaşdığını söyləyib.
İrandan gələn mütəxəssislər – Eşgi Peyman, Huriye Davudabadi Fərahani, Susan Ağamuhammadi və Behnaz Həbib Pənah seminar iştirakçılarına oynaq və sümük-əzələ sisteminin diaqnostikası üzrə fizioterapevtik xidmətin təşkili və müalicə zamanı fizioterapevtik üsulların tətbiqi barədə ətraflı məlumat veriblər.
Geniş fikir mübadiləsi şəraitində keçən seminar qrup təqdimatları və məruzəçilərin şərhləri ilə yekunlaşıb.