İDMAN
Həmrəylik Gününə həsr olunan şahmat festivalında üçhakimiyyətlilik hökm sürür
Bakı, 22 dekabr, AZƏRTAC
Vüqar Həşimov adına Şahmat Akademiyasında 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş beynəlxalq festivalın yeddinci turunun görüşləri keçirilib.
AZƏRTAC xəbər verir ki, açıq turnirdə Azərbaycan, İran və Fransanı təmsil edən 89 şahmatçı iştirak edir. Yeddi turdan sonra turnir cədvəlində yenə də üç hakimiyyətlilik hökm sürür. Beynəlxalq qrossmeyster Ülvi Bacarani, ustalığa namizəd Aydın Süleymanlı və Eldar Musayevin hər birinin aktivində 6 xal var. FIDE ustası Məhəmməd Muradlı, ustalığa namizəd Kənan Qarayev və Altay Eynullayevin hər biri liderdən yarım xal geridə qalır. Yeddi iştirakçı hərəyə 5 bal toplayıb.
On yaşınadək uşaqlardan ibarət qrupda 34 şahmatçı bir-biri ilə mübarizə aparır. Ən yaxşı nəticəni Ziya Məmmədov göstərib. O, altı xalla liderdir. Nərmin Abdinovanın aktivində 5,5 xal var. Onu üç iştirakçı təqib edir. Daha dörd iştirakçı hərəyə 4,5 xal toplayıb.
Uşaqlardan ibarət qrupun turniri dekabrın 22-də, açıq turnir dekabrın 23-də başa çatacaq.
Turnirin baş hakimi FIDE-nin arbitri Cavanşir Bağırovdur.
Festival çərçivəsində açıq turnir, 10 yaşına qədər uşaqlardan ibarət qrupun turniri (hər ikisinin xalları FIDE reytinqində hesablanmaqla), rapid və blits turnirlər keçirilir.